Rusiya Ukraynanın itkilərini açıqladı: daha 300 ölü
Rusiyanın raket qüvvələri və artilleriyası bir gün ərzində 300-dən çox ukraynalı hərbçini, həmçinin iki “Qrad” reaktiv yaylım atəşini məhv edib.
Globall.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov şənbə günü bildirib.
"Raket qüvvələri və artilleriya Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 231 əraziyə, həmçinin 13 komanda məntəqəsinə və artilleriya bölmələrinin 42 atəş mövqeyinə zərbələr endirib", - Konaşenkov deyib.
“300-dən çox millətçi, 11 zirehli texnika, iki “Qrad” reaktiv yaylım atəşi sistemi, 10 səhra artilleriya silahı, 9 xüsusi texnika, o cümlədən raket və artilleriya silahları, döyüş sursatı və yanacaq olan 9 səhra anbarı məhv edilib”, - general əlavə edib.
İqor Konaşenkov bildirib ki, Rusiya hərbçiləri indiyə kimi 3500-dən çox Ukrayna tankı və digər zirehli texnikasını məhv edib:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri 3503 tank və digər zirehli döyüş texnikası, 506 reaktiv yaylım atəşi sistemi, 1859 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3545 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”.
General vurğulayıb ki, 198 təyyarə, 130 helikopter, 1180 pilotsuz uçuş aparatı və 337 zenit-raket kompleksi də məhv edilib. (modern.az)