“Mənə ölkədən qaçmağı məsləhət gördülər” - Prezident
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu ilin yanvar ayında baş vermiş kütləvi iğtişaşlara dair yeni açıqlamalar verib.
Globall.az xəbər verir ki, Tokayev bu barədə “Rossiya 24” telekanalına müsahibəsində danışıb.
Prezident bildirib ki, Qazaxıstandakı yanvar etirazları zamanı ona ölkəni tərk etməyi məsləhət görüblər.
Amma Kasım-Jomart Tokayev hər zaman Nur-Sultandakı iqamətgahında olub və ölkəni tərk etməməli olduğuna inanıb.
"Bütün çevrilişlərin məqsədi, deyək ki, hakimiyyətə başqa adamların gəlməsidir. Mən bütün o günlərdə (yanvar hadisələri - red.) prezident iqamətgahının binasında olmuşam, heç yerə getməmişəm. Üstəlik, orada gecələmişəm də”, - Tokayev telekanala müsahibəsində deyib.
Onun sözlərinə görə, iğtişaşlar başlayandan paytaxtı tərk etmək fikrində olmayıb.
"Bəzi "yoldaşlar" mənə ya helikopterə, ya da təyyarəyə minib Qazaxıstanı tərk etməyi təklif etdilər. Təbii ki, mən bunu heç bir şəkildə planlaşdırmadım və düşündüm ki, sona qədər paytaxtda – iqamətgahımda olmalıyam", - dövlət başçısı qeyd edib.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıya yayılıb. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 230 nəfər, o cümlədən 19 təhlükəsizlik işçisi həlak olub. (modern.az)