Gəncədə direktoru intihara cəhd edən məktəbdə yoxlama aparıldı:
Komissiyanın tərkibində kimlər vardı? - FOTO/VİDEO
Bir müddət bundan öncə Gəncədə 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd göstərsə də, sonda həkimlərin səyi nəticəsində normal həyata qayıdıb.
Məlum olub ki, iyulun 13-də sözügedən məktəbdə invertarizasiya yoxlaması aparılıb və direktor Mətanət Qarayeva artıq öz işinin başına qayıdıb.
Əldə etdiyimiz məlumata görə, yoxlama zamanı məktəb rəhbərliyi yoxlamanın aparılması ilə bağlı kommisiyadan əmr istəyib. Onlara 3 nömrəli məktəbə aid əmr göstərilib və yoxlamanın Anar Qədiməliyevin tapşırığı ilə aparıldığı barədə məlumat verilib.Bir məktəbə aid əmr göstərib başqa bir məktəbdə iddialı şəkildə aparılan yoxlama məktəb direktoruna qarşı qərəzin olduğunu və təhsil sahəsində özbaşınaqlığın davam etdiyini göstərir.
İşin daha bir ilginc tərəfi Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin aparılan invertarizasiya yoxlamasını həvalə etdiyi şəxslərlə bağlıdır.
Belə ki, sizə təqdim etdiyimiz sənəddə komissiyanın üzvlərinin siyahısı aydın şəkildə göstərildiyi halda, 1 nömrəli tam orta məktəbdə yoxlama aparanlar həmin siyahıda adı olmayan şəxslərdir.
Elnur Qasımov – hazırda məzuniyyətdə olmasına baxmayaraq Anar Qədiməliyevin uşaqlıq dostu olduğundan daim təhsil idarəsində digər direktorlara öz təbiri ilə desək “ rəhbərlik” edir. Elnur Qasımov həmin o direktordur ki , 2018-ci ildə şəxsən özü ilə bağlı məktəbdə ailə -məişət zəminində baş verən insidentlərdən sonra Təhsil Nazirliyi tərəfindən 14 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilib.
Məlumata görə, Anar Qədiməliyev 2019-cu ildə Gəncə Təhsil İdarəsinə müdir təyin olunduqdan dərhal sonra Emin Əmrullayevin razılığını alıb onu bu dəfə onu 8 nömrəli tam orta məktəbə direktor təyin edib.
Ümumiyyətlə, Elnur Qasımovun rəhbərlik etdiyi məktəblər qalmaqallara görə ad çıxarıb.
Bu ilin aprel ayında iki qız şagird arasında bıçaqlanma hadisəsi 8 saylı tam orta məktəbdə baş verib. Direktor yenə bu məsələdə də sudan quru çıxa bilmışdi, özü də Təhsil Nazirliyi əməkdaşlarının Gəncə şəhər məktəblərində monitorinq apardıqları bir zamanda.
Komissiyanıın digər üzvü Qənirə Əsgərova - Gəncə şəhər Regional Təhsil idarəsinidə metodiki mərkəzdə metodist vəzifəsində
çalışan, ixtisasca ana dili-ədəbiyyat müəllimi.
Qeyd edək ki, Qənirə xanım bundan öncədə hazırda fəaliyyətinə xitam verilən Gəncə Müəllimlər İnstitutunda ana dili-ədəbiyyat müəllimi kimi işləyib.
Burdan aydın olur ki, məktəbdə yoxlama aparanlardan heç birinin ixtisası yoxlama aparmağa uygun deyil.
İnvertarizasiya ilə bağlı yoxlamalar mühasibatlığın işi olduğu halda, belə bir kommissiyanın təşkili kimin ağlının məhsulu ola bilərdi? Həm də bir məktəbin əmri ilə digər məktəbdə yoxlama aparmaq...
Hər şey ola bilər, necə ki, təhsil naziri Emin Əmrullayev baza təhsili kənd təsərrüfatı mütəxəssisi olan Anar Qədiməliyevi təhsil idarəsinə müdir təyin edib.
Mehriban Ələsgərova