Ölkəmizdə nəsilvermə əmsalı xeyli azalıb -
Həyəcan təbili
Ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb.
Globall.az xəbər verir ki, bunu ekspert Aynur Veysəlova "Azərbaycan mediasında gender həssaslığının artırılması" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə deyib.
"Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur", - ekspert çıxışında bildirib.
O vurğulayıb ki, BMT-nin Əhali Fondunun hesablamalarına əsasən, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq:
"Cəmiyyətdə kişilərin sayının artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Belə vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır".