Şagirdlərin yerdəyişməsinə başlandı
2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Elm və Təhsil Nazirliyindən Globall.az-a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər sentyabrın 9-u saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. X siniflər üçün isə elektron sistem avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək. Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli Təhsil Kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; 7. "Zəngi" liseyi; 8. Bakı Avropa Liseyi; 9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası; 11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.