Zelenski Ali Baş Komandanın Qərargahının tərkibini yenilədi
Ukrayna prezidenti Vladimir Zelenski 581/2022 saylı fərmanı ilə Ali Baş Komandanın Qərargahının şəxsi tərkibində dəyişikliklər edib. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi məlumat yayıb. Fərmana əsasən, Qərargahın tərkibinə Ukrayna Təhlükəsizlik Xidmətinin direktorunun birinci müavini Vasili Malyuk, Ukrayna Silahlı qüvvələrinin Ərazi müdafiə qoşunlarının komandanı İqor Tantsyura, Ukrayna Silahlı qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenko daxil olacaq. Həmçinin qərargahda Milli Qvardiyanın komandiri Yuri Lebedin təyinatı təsdiqlənib. Zelenskinin fərmanına görə, İvan Bakanov (UTX-nin keçmiş direktoru), general Qriqori Qalaqan (Ukrayna Silahlı Qüvvələrinin Xüsusi əməliyyat qüvvələrinin keçmiş komandanı) və Yuri Qaluşkin (Ukrayna Silahlı qüvvələrinin Ərazi müdafiə qoşunlarını keçmiş komandanı) vəzifələrindən uzaqlaşdırılıb. Qeyd edək ki, Ukrayna Ali baş komandanın Qərargahı bu il fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü ilə əlaqədar Silahlı qüvvələrinin və digər hərbi birləşmələrin və hüquq-mühafizə orqanlarının strateji rəhbərliyini təmin etmək məqsədilə yaradılıb. Bu ilin iyul ayının 17-də prezident Zelenski İvan Bakanovu öz xidməti vəzifələrini yerinə yetirməməsi (lazımınca yerinə yetirməməsi) ilə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırıb. Onunla birlikdə Təhlükəsizlik xidmətinin 5 vilayət rəhbərinin işinə son verilib. (musavat.com)