Təhlükə getdikcə böyüyür - Dünya ikinci Çernobıl fəlakətinin astanasında
Ukraynanın Zaporojye şəhərində Avropanın ən böyük atom elektrik stansiyasına son günlərdə artan hücumlar dünyanı yeni Çernobıl fəlakətinin astanasına gətirib.
Globall.az musavat.com-a istinadən bildirir ki, Rusiya və Ukrayna hücumlarda bir-birini günahlandırsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) obyektin "tamamilə nəzarətdən çıxdığını" və hər an dünyaya təsir edəcək nüvə qəzasının baş verə biləcəyini qeyd edib.
Ukrayna Dövlət Nüvə Tənzimləmə Qurumunun yüksək rütbəli üzvü, nüvə enerjisi və nüvə təhlükəsizliyi sahəsində ekspert Olqa Koşarna qeyd edib ki, nüvə sızması Qara dəniz ölkələrinə, o cümlədən Avropaya ciddi təsir göstərəcək.
İngiltərənin “Daily Express” qəzetinə danışan Koşarna, “belə bir ssenaridə radioaktiv sızma Bolqarıstan, Rumıniya və Qara dənizdən keçərək 23 saat ərzində Türkiyəyə çatacaq" deyib. Küləyin əsəcəyi istiqamətdən asılı olaraq Rusiyanın qərbinin də təhlükə altında olduğunu qeyd edən Koşarna, sızmanın Avropaya (Çexiya, Macarıstan və Polşa) qədər gedə biləcəyinə diqqət çəkib.