Ənvər Həsənov evə buraxıldı
Xalq artisti Ənvər Həsənov müalicə aldığı TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb. Bu barədə Globall.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək. Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxmışdı. 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.