Consonun özünü bənzətdiyi məşhur əkinçi kim olub
– MARAQLI TARİXÇƏ
Kraliça II Elizabetin vəfatı mediada Böyük Britaniya üçün vacib hadisəni kölgədə qoydu. Belə ki, sentyabrın 6-da Britaniyanın Baş naziri Boris Conson mərhum kraliçaya istefasını təqdim edib və xarici işlər naziri Liz Trass ölkənin yeni Baş naziri seçilib. Boris Conson kraliçanın yanına getməzdən əvvəl Baş nazirin iqamətgahı önündə sonuncu dəfə çıxış edib. O, çıxışı zamanı rəhbərlik etdiyi partiyanın bir sıra deputatlarını tənqid edib. Conson yeni Baş nazirə dəstəyini ifadə edib və Sakit Okeanın ucqar bir nöqtəsinə gedəcəyini bildirib. Daha sonra özünü Roma imperatoru Sinsinata bənzədib: "Sinsinat kimi mən də öz şumuma qayıdıram". Çıxışlarında metaforalara və tarixi məlumatlara istinadən edən keçmiş jurnalist Boris Consonun bu bənzətməsi bir çoxlarının marağına səbəb olub. Tezliklə "Google" axtarış saytında minlərlə şəxs "Cincinnatus" sözünü axtarışa verib. Bəs Sinsinat kim olub? Eramızdan əvvəl 5-ci əsrdə Roma imperiyası İtaliyadakı Ekvi tayfası ilə müharibə vəziyyətində idi. Romanın keçmiş rəhbəri Lusius Sinsinat siyasətdən gedərək əkinçiliklə məşğul olmağa başlayıb. Müharibə zamanı Roma rəhbərləri ona müraciət edərək orduya liderlik etməsini istəyiblər. Rəvayətə görə, o, tarlasını şumlamağı dayandırıb, hərbi paltarlarını geyinərək şəhərə qayıdıb. Eramızdan əvvəl 458-ci ildə fövqəladə səlahiyyətlərə malik Romanın yeganə diktatoru təyin edilib. Ekvi qüvvələrini məğlub etdikdən cəmi 15 gündən sonra o, hakimiyyətdən əl çəkib və öz fermasına qayıdıb. Bu səbəbdən də o, Roma tarixində xüsusi model lider kimi seçilir. Bəzi tarixçilər ABŞ Prezidenti Corc Vaşinqtonu Sinsinata bənzədir. Çünki, o da müharibədə mütləq hakimiyyətdən imtina etmənin simvolu sayılır. Təbii ki, demokratiyanın yaxşı inkişaf etdiyi Britaniyada mütləq hakimiyyətdən danışmaq lüzumsuzdur. Belə olan halda, Conson niyə özünü Sinsinata oxşadır? Consonun özünü Sinsinata bənzətməsi birinci dəfə deyil. 2009-cu ildə London meri olarkən o, yenə özünü Sinsinata bənzədərək lazım gələrsə, Baş nazir postunu tuta biləcəyini deyib. Sinsinatın hekayəsi bununla bitmir. Tarixi rəvayətlərə görə, yenidən Romada böhran yarananda Sinsinatın yanına gəlirlər və ondan yenə Roma lideri olmağı istəyirlər və o, növbəti dəfə fermasını tərk edir. Ancaq tarixçilər bu hekayənin uydurma olduğunu və bununla bağlı heç bir faktın olmadığını deyirlər. Bir çoxları Consonun açıqlamasını onun yenidən hakimiyyətə qayıtmaq istəyi ilə əlaqələndirirlər. Bir neçə həftə əvvəl "The Sunday Times" qəzeti yazıb ki, Conson gələcəkdə Britaniyanın baş naziri postuna qayıtmaq niyyətindədir: "Bir çox mənbə deyir ki, Boris Conson bir gün baş nazir kimi qayıdacağına inanır. Beləliklə, o, iki dəfə baş nazir postunu tutan kumiri Uinston Çörçilin taleyini təkrarlaya bilər". (modern.az)