Düşmənə əsir düşməmək üçün özünü partladan xüsusi təyinatlı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan bayrağı” ordenli Əliyev Kərim Məhəmmədəli oğlu da var.
O, 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində dünyaya göz açıb. Orta məktəbi bu kənddə bitirib.
2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Daha sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində gizir kimi xidmət edib.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılan Kərim Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin düşməndən təmizlənməsində şücaət göstərib.
K.Əliyevin sonuncu döyüşü oktyabrın 19-da Qubadlının azadlığı uğrunda olub. O, düşmənə qarşı qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 24-də doğma kəndində - Alpout qəbiristanlığında torpağa tapşırılıb.