Bu binaların tikintisi zamanı ciddi səhvə yol verilir - Ekspertdən XƏBƏRDARLIQ
Nərimanov rayonu Təbriz küçəsində və ona paralel olan Əlizadə və Qarabağ küçələrində köhnə, istismar müddətini bitirmiş daha çox bir və ikimərtəbəli yaşayış evlərindən ibarət olan yaşayış massivləri sökülərək, yeni tikili binalarla əvəzlənib.
Globall.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O, sözügedən ərazilərdə prosesin hələ də davam etdiyini bildirib.
Ekspert bir və ya ikimərtəbəli binaların yerində çoxmərtəbəli binaların tikilməsinin doğru olmadığını vurğulayıb:
“Köhnə binaların sökülərək yenilənməsi gözəl və vacib addımlardan biridir. Amma sökülən hər iki mərtəbəli binanın yerində 16 mərtəbəli binalar tikmək təbii ki, yolverilməzdir. Həmin əzilərdə mənzil və insan sayı sürətlə artır. Yeni tikili çoxmənzilli binalar bir-birinə sıx şəkildə tikilir. Amma əlavə olaraq nəinki alternativ yollar çəkilir, hətta köhnə avtomobil yolları belə genişləndirilmir. Ara küçələrdəki ikitərəfli avtomobil yollarından artıq bir avtomobil çox çətinliklə keçir. Tikilən və tikilməkdə olan binaların böyük əksəriyyətində hələ ki tam yaşayış yoxdur. Buna baxmayaraq xüsusən də axşamlar səkilərdə saxlanılan avtomobillər həmin ərazilərdən keçən bütün yolları iflic vəziyyətə salır. Bu binalarda tam yaşayış olan zaman mənzərənin necə olacağını zaman göstərəcək”.
E.Fərzəliyev qeyd edib ki, sözügedən problem təkcə Nərimanov rayonunda deyil, kütləvi söküntülər aparılan hər yerdə təkrarlanır:
“Bu gedişlə gələcək nəsillərə həll oluna bilməyən çox böyük tıxac və sıxlıq problemini miras olaraq ötürəcəyik”,- deyə o əlavə edib.