Prezident nazirə tapşırığını
XATIRLATDI
Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib. Dövlət başçısı qeyd edib ki, son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir: “Mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur”.