Paşinyan Putinlə dirəşir -
"Vəziyyət dramatik hal alacaq" - Şərh
Son vaxtlar Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşmaq siyasətini gücləndirdiyi müşahidə olunur. Baş nazir Nikol Paşinyanın Moskvanın Ermənistanın təhlükəsizliyinə qarant deyil, təhdid olduğunu bəyan etməsi, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirakdan imtina etməsi də bunu təsdiq edir. İki ölkənin münasibətlərinin kəskinləşməsi Ermənistan üçün nə vəd edir? Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Ermənistanın bir dövlət kimi yaradıldığı vaxtdan bu günə qədər olan təqribən 100 illik bir dövrdə Rusiya-Ermənistan münasibətləri özünün ən gərgin mərhələsini yaşayır: "Hətta iş o yerə gəlib çatıb ki, Paşinyan Rusiyanın Ermənistanda hərbi varlığını təhdid kimi qiymətləndirir. Bu, şübhəsiz ki, Ermənistanın xarici siyasətində çox dərin, strateji bir dönüşdür. Eyni zamanda bu, münasibətlərdə Rusiya tərəfinin yerinin necə təyin olunması baxımından olduqca ciddi fikirdir. Əlbəttə, Ermənistan dövlət kimi mövcud olduğuna görə Rusiyaya borcludur. Ancaq bu gün Paşinyan Rusiyanı təhdid kimi görürsə, demək bundan sonraki mərhələdə iki ölkənin münasibətləri indiyə qədər olduğu kimi, müttəfiqlik münasibətləri olmayacaq. Mövcud gərginlik münasibətlərin daha dramatik süjet üzrə inkişaf etməsinə səbəb olacaq". H.Babaoğlu qeyd edib ki, Paşinyanın hazırkı mövqeyi Ermənistan ictimaiyyəti tərəfindən də normal qarşılanır: "Cəmi iki il əvvəl Paşinyanın Rusiya ilə bağlı tənqidi açıqlamaları Ermənistan cəmiyyətinin bəzi təbəqələri tərəfindən sərt əhval-ruhiyyə ilə qarşılanırdı. Bu gün artıq heç kim Paşinyanın Rusiya haqda səsləndirdiyi fikirlərə etiraz etmir. Bu, erməni cəmiyyətinin ümumi ictimai rəyi kimi qimətləndirilir. Ona görə də müəyyən mərhələdən sonra Rusiya-Ermənistan münasibətlərini əvvəlki vəziyyətə qaytarmaq çətin olacaq". Millət vəkili qeyd edib ki, hazırda Ermənistanın qəbul edəcəyi yeganə düzgün qərar üçtərəfli bəyanatların tələblərini yerinə yetirmək ola bilər: "Çox təəssüf ki, Ermənistan bunu etmir. Ən pisi də odur ki, bu məsələdə öz iradələrinə söykənmirlər. Yəni bu qərar Ermənistanın qərarı deyil. Üçtərəfli bəyənatların tələblərini yerinə yetirməmək, kommunikasiyaları açmamaq, sərhədləri delimitasiya etməmək Ermənistana xaricidən diktə olunur. Bu isə bir daha təsdiq edir ki, Ermənistan dövlət deyil, süni qurumdur. Düşünürəm ki, bütün bu münasibətlər Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni reallıqlarla bağlıdır. Amma istənilən halda rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, vəziyyət dramatik şəkildə irəliləyə bilər. Bu da Ermənistanın ziyanına olacaq".