Hücumu SEPAH törədib, məqsəd isə…. – Səfirlik terrorunun pərdəarxası
“Heç şübhəsiz, İran xüsusi xidmət orqanları və xüsusən İslam İnqilabı Keşikçiləri Korpusunun bu hücumda əli var”.
Bu sözləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a açıqlamasında deyib.
“Çünki bu tipli hücumlar tarixən İran hakimiyyəti və ona bağlı qurumlar tərəfindən həyata keçirilib. Xaricdə və daxildəki əcnəbilərə qarşı sui-qəsd və qətllərin İranın hansı təşkilatı tərəfindən həyata keçirildiyi də məlumdur.
İran siyasi arenada Azərbaycana təsir etmək mexanizminin bitməsi nəticəsində bu üsula əl atır. Bu yolla Azərbaycana təzyiq göstərməyə çalışır.
Heç şübhəsiz, bir neçə gündən sonra bir neçə şəxsi ortaya çıxarıb xarici xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edəcək.
Hər halda bu addım Azərbaycanın münasibətdə olduğu ölkələrlə əlaqələri pozmağa istiqamətlənib”, – Ə.İbrahimov bildirib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu hücum üzrə araşdırma gedir.