Bu ölkədə də Rusiya agentləri tutuldu
Sloveniyanın kəşfiyyat və təhlükəsizlik xidməti Lüblyanada Rusiyaya casusluq edən iki xarici vətəndaşı aşkar edərək onları saxlayıb. Bu barədə “Yevropeyskaya pravda” yazır. İki şübhəlini casusluq və yalan məlumat vermək ittihamı ilə 8 ilə qədər həbs gözləyir. Qeyri-rəsmi məlumatlara görə, Cənubi Amerika ölkələrindən birinin vətəndaşlığına malik iki rus agenti (onlardan ən azı biri Argentina vətəndaşıdır) saxta adlar altında işləyiblər və Lüblyananın Bejiqrad rayonunda ofis binasında icarəyə götürülmüş ofisdə saxlanılıblar. Lüblyana dairə dövlət prokurorluğu Sloveniya Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin sorğusu əsasında məhkəməyədək araşdırmalara başlayıb. Hesab edilir ki, iki rus agenti Rusiya hərbi kəşfiyyat xidməti olan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (rusca QRU) xidmətdə imiş və mürəkkəb “yatmış agent” proqramı üzrə işləyirmiş. Bu cür agentlərin əksəriyyəti saxta sənədlərə və üçüncü ölkələrin, çox vaxt Cənubi Amerika ölkələrinin vətəndaşlığına malikdir. Onların əksəriyyəti QRU-nun hərbi kəşfiyyat pərdəsi altında işləyir. Ötən ilin oktyabrında Norveçdə Tromso Universitetinin tədqiqatçısı və “braziliyalı akademik” həbs edilib. Norveç kəşfiyyatı müəyyən edib ki, o, əslində rus kəşfiyyatçısı Mixail Mikuşin olub. Keçən yay Niderland xüsusi xidməti AIVD də Haaqada Braziliya vətəndaşını saxlamışdı. Məlum olmuşdu ki, o, əslində QRU agenti Sergey Çerkasovdur.