“Qızıl Amnistiya” gəlir -
Sabiq məmurlar azadlığa buraxıla bilər?
Bu ilin may ayında ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı baş tutacaq “qızıl amnistiya”nın çoxsayılı məhkumu əhatə edəcəyi gözlənilir. İnsanlar arasında sözügedən amnistiyaya düşəcəklər sırasında həbs olunmuş keçmiş məmurlar, tanınmış şəxslər və incəsənət nümayəndələrinin də olacağı sualı maraq doğurur. Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov fikirlərini Referans.az saytı ilə bölüşüb. O, həbsdə olan keçmiş məmur və məşhurların “qızıl amnistiya”ya düşmə ehtimalının olduğunu qeyd edib. “Əlbəttə, qeyd etdiyiniz kateqoriyada olan məhkumların “qızıl amnistiya”ya düşmə ehtimalı var. Çünki biz daha öncə də bu cür amnistiya qərarlarının həbs edilmiş keçmiş nazir, icra başçısı və məşhurları da əhatə etdiyini müşahidə etmişik. Hazırda keçmiş nazirlərdən Səlim Müslümov, icra başçılarından Vilyam Hacıyevin adını çəkə bilərik ki, bunlar müxtəlif maddələrlə həbs ediliblər. Amnistiya bəzən həbsdən azad etmə bəzən isə həbs müddətin azaldıması kimi tətbiq olunur. Əslində sıravi həbs olunan məhkumların amnistiyaya düşməsi üçün onun ailə üzvləri, yaxınları Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edirlər. Bu zaman bəzi hallarda məhkum edilmiş şəxsin işlədiyi cinayətin maddəsinə baxılır. Həmçinin bu əfv sərəncamı daha geniş sayıda məhkumu əhatə edəcəyi üçün bir çox keçmiş məmur və məşhur şəxs də bundan yararlana bilər.” Hüquqşünas Şəmsəddin Əliyev isə Referans.az-a bildirib ki, amnistiya prosesi əvvəlcədən qərarlaşdırılmış konkret cinayət maddələri üzrə cəza çəkən məhkumları əhatə edəcək. “Əvvəlcə əfv və amnistiya arasında olan fərqi qeyd etmək istəyirəm. Əfv sərəncamı ölkə başçısı tərəfindən konkret şəxslərə aid edilir və maddəsindən asılı olmayaraq həmin məhkum azadlığa qovuşur. Ancaq amnistiya nisbətən fərqlidir. Amnistiya zamanı əvvəlcədən qərarlaşdırılmış cinayət məcəllələri üzrə həbs olunmuş məhkumların azadlığa buraxılması nəzərdə tutulur. Bu adətən yüngül və orta dərəcəli cinayət törətmiş məhbuslara aid edilir. Düşünürəm ki, korrupsiya, dövlət malını mənimsəmə, vəzifədən sui-istifadə kimi hallara görə həbs edilən keçmiş məmurların ən yaxşı ehtimalla cəza müddətləri azaldıla bilər. Ancaq məncə bu cür ağır cinayətlərlə həbs edilmiş məhkumların birbaşa azad olunması ümumiyyətlə ədalətsizlik olar.”