Bayden Ukraynaya niyə getmişdi?
“Müharibənin bir ilinin tamam olacağına günlər qala ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri simvolik məna kəsb edir. Bu səfər ABŞ-ın Ukraynaya dəstək mesajı idi”.
Bunu politoloq Turan Rzayev Bakıvaxtı.az-a ABŞ Prezidenti Co Baydenin Ukrayna və Polşaya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Co Bayden Vladimir Zelenski ilə görüşündə Ukraynanın müharibəni davam etdirməsini istəyib:
“ABŞ Ukraynaya silah-sursat və maliyyə dəstəyi verəcəyini açıqlayıb. ABŞ-ın müharibədən əsas gözləntisi Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılmasıdır. Lakin Baydenin Kırım məsələsindəki mövqeyi qeyri-müəyyəndir və bunu dilə gətirməməyə çalışırlar. Yəni ABŞ Kırımın Rusiyanın ərazisi olmasını tanıyır”.
T.Rzayev bildirib ki, Baydenin Polşaya səfərində də məntiqi ardıcıllıq var:
“Çünki Ukraynaya ediləcək yardımlar Polşa üzərindən olur. Hesab edirəm ki, ABŞ-ın Polşadan istəyi Varşavadan Kiyevə ediləcək dəstəyin təminatı üçün imkanları genişləndirməkdir. Təbii ki, ABŞ burda Polşanın təmkinli davranmasını da istəyir. Yəni Rusiya Polşanı vursa belə, onlar bu məsələyə təmkinli davranmalı və NATO-nu proseslərə cəlb etməməlidir. Çünki ABŞ müharibənin daha böyük coğrafiyanı əhatə etməsini istəmir. Məsələn, ötən il də Rusiya Polşanı raket atəşinə tutmuşdu və həm Ukrayna, həm də Polşa buna etirazını bildirmişdi. Lakin az müddət sonra Polşa, bu məsələdəki mövqeyini geri çəkmişdi. Çox güman ki, bu, ABŞ-ın təzyiqlərindən irəli gəlir”.
Müsahibimiz hesab edir ki, ABŞ-ın bu müharibənin davam etməsindəki əsas məqsədi Rusiyanı yormaq, onun iqtisadiyyatı çökdürməkdir. Beləcə, ABŞ Rusiyaya daha çox təsir edə bilər.
Turan Rzayev qeyd edib ki, Baydenin Ukraynaya səfəri, davam edən müharibədə onların yanında olduğunu bildirmək, dəstək motivasiyası vermək, Polşaya səfəri isə Rusiyanın istənilən addımına qarşılıq onların təmkinliliyini qoruyaraq müharibənin qlobal xarakter daşımasını önləməkdir.