Türkiyəli nazir: “Zəlzələnin ilk günündən etibarən vətəndaşlarımızın yanında olduq”
“Zəlzələnin ilk günündən etibarən vətəndaşlarımızın yanında olduq”. “Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Adıyamanda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hakimiyyət-xalq birliyi zəlzələnin təsirlərinin aradan qaldırılması istiqamətində ən böyük üstünlük oldu: “Su, elektrik, kanalizasiya, internet təminatını davam etdirməyə çalışırıq. İşlərimizi davam etdiririk”. Nazir bildirib ki, bu gün həm də ümid dolu sabahın əsası qoyulur: "Həyat sürətlə əvvəlki axarına qayıdır. Hər şey əvvəlki klmi olanadək dayanmayacağıq. Ümidimiz böyükdür. Həm özümüzə, həm də xalqımıza inanırıq. Bölgə ən qısa zamanda Türkiyənin parıldayan ulduzu olacaq". A.Karaismailoğlu vurğulayıb ki, hökumətin təkcə Adıyamanda deyil, bütünlüklə Türkiyədə layihələri davam edir. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 50 mindən çox insan həlak olub.