Hərbi administrasiya rəhbəri: “Baxmut Rusiya muzdlularının və hərbçilərinin məhv edilməsində ən mühüm nöqtədir”
“Baxmut, Ovdeyevka və Uqledar ən qaynar nöqtələr olaraq qalmaqda davam edir. Ən qanlı döyüşlər bu istiqamətlərdə gedir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
O vurğulayıb ki, Baxmut təkcə Rusiyanın qarşısının alınmasında deyil, həm də Rusiya muzdlularının və hərbçilərinin məhv edilməsində ən mühüm nöqtədir:
“Bu şəhər ayaqdadır və döyüşməkdə davam edir. Mariupol və Volnovaxa istisna olmaqla, Donetsk vilayətində indiyədək 1 436 mülki şəxs həlak olub, 3 434 şəxs yaralanıb. Qeyd olunan 2 şəhərdə ölənlərin sayı və Rusiya tərəfinin törətdiyi cinayətləri biz yalnız həmin ərazilər işğaldan azad edildikdən sonra müəyyən edə bilərik”.
Kirilenko bildirib ki, Rusiyanın planlarının həyata keçirilməsinin qarşısını alan Baxmutda amansız döyüşlərin getməsi səbəbindən hazırda bu şəhərə giriş və oradan təxliyə işləri dayandırılıb:
“Şəhər demək olar ki, tamamilə məhv edilib, onun müəyyən məhəllələrində və ətrafında aktiv döyüşlər gedir. Əlçatan olan cəbhə xəttində humanitar fəaliyyət davam etdirilir. Humanitar yardımın, ərzaq məhsullarının və gigiyena vasitələrinin çatdırılması ştat rejimində həyata keçirilir. Bu fəaliyyət yüksək səviyyədə həyata keçirilir”.
Cəbhə xəttindən uzaq şəhərlərə gəlincə, hərbi administrasiyası rəhbəri söyləyib ki, bu da şərti məsələdir, çünki cəbhədən 20 km uzaqlıqda yerləşən şəhər artıq cəbhə xəttindən uzaq məntəqə hesab olunur:
“Bu şəhərlərdə salamat qalmış obyektlərin fəaliyyəti davam etdirilir. Yerlərdə hərbi administrasiyalar fəaliyyət göstərir. Onlar yerlərdə qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edirlər”.