Dövlət Departamenti Çini Filippinlə bağlı xəbərdarlıq edib
ABŞ administrasiyası hesab edir ki, Çin qüvvələri Filippin gəmilərinə qarşı təxribatlara yol verir və bu səbəbdən Vaşinqton Manilanı dəstəkləmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı bəyanatda bildirib. Vurğulanıb ki, Amerika Birləşmiş Ştatları Cənubi Çin dənizində naviqasiya azadlığına Çin Sahil Mühafizəsinin davamlı təcavüzü fonunda Filippini dəstəkləyir: “Bu yaxınlarda mediada yayımlanan şəkillər və videolar Çinin Filippin gəmilərinin eksklüziv iqtisadi zonalarında müntəzəm patrul xidməti həyata keçirərkən onlara qarşı təzyiq və hədə-qorxularının bariz bir xatırlatmasıdır. Biz Pekini təxribatlardan və təhlükəli hərəkətlərdən çəkinməyə çağırırıq. Birləşmiş Ştatlar bu fəaliyyətləri yaxından izləməyə və qeyd etməyə davam edir”. Onun sözlərinə görə, ABŞ Filippin müttəfiqləri ilə birlikdə dənizdə qaydalara əsaslanan beynəlxalq nizamı qoruyur: “Vaşinqton təsdiq edir ki, Sakit Okeanda, o cümlədən Cənubi Çin dənizində Filippin Silahlı Qüvvələrinə, hökumət gəmilərinə və ya təyyarələrinə, o cümlədən Sahil Mühafizəsinə qarşı silahlı hücum ölkələr arasında qarşılıqlı müdafiə müqaviləsini işə salacaq”.