KXDR dağıdılmış nüvə poliqonunda aktivliyi bərpa edib
Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ildə dağıdılmış Pungeri poliqonunda bir neçə obyekt tikib. "Report" xəbər verir ki, bu barədə Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən bildirilib. Mərkəzin "Beyond Parallel" layihəsinin iştirakçılarının qiymətləndirməsinə görə, peyk görüntüləri belə qənaətə gəlməyə imkan verir ki, Şimali Koreya Pungeridə xeyli zamandır dayandırdığı fəaliyyətini bərpa edib. Məlumata görə, yerli mütəxəssislər tunellərdən birinin dağıdılmış girişinə aparan yolun tikintisini başa çatdırıb və ərazidə iki kiçik bina inşa ediblər. "Bu yaxınlarda qeydə alınan aktivlik hazırlanan nüvə sınaqlarının mütləq əlaməti olmasa da, yeddinci nüvə sınağı böyük ehtimalla Pungeri nüvə poliqonunda keçiriləcək", - layihə iştirakçıları bildirib.