Samir Şərifov Əbülfəs Qarayevin pulunu niyə “kəsmişdi”?
Nazir birbaşa ittiham etməsə də, dolayısı ilə kino sahəsinə ayrılan vəsaitlərin "yeyilməsi” mesajını vermişdi.
Samir Şərifov dolayısı ilə kino sahəsinə ayrılan milyonların hər il mənimsənildiyinə işarə etmişdi.
Düzdür, onun bu açıqlamasından sonra Əbülfəs Qarayev müxtəlif mətbuat səhifələrində palaz-palaz yazılar yazdırmaqla kino sahəsinin inkişafını sübut etməyə çalışmışdı. Bu izahatlar kino çəkilişi üçün hər il büdcədən ayrılan kifayət qədər böyük məbləğin - 8 milyon manatın birdən-birə 6 milyon 500 min manat "qayçılanması”nın əsassız olmasını sübuta yetirmək gücündə deyildi. Çünki illik ayrılan 8 milyon manatın qarşısında ortada baxımlı filmlər demək olar ki, yox dərəcəsindədir. Belə bir halda büdcədən hər il 8 milyon manatın bu istiqamətdə xərclənməsini də hökümətdəkilər mənasız xərclər hesab etmişdilər.
İttihama görə Əbülfəs Qarayevin tutulan müavini və idarə rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər. Hazırda istintaq davam edir. Belə məlumatlar var ki, Əbülfəs Qarayevin kino korrupsiyası da ciddi araşdırma mövzusudur. Gələn məlumatlar onu deməyə əsas verir ki, sabiq nazir üçün həbsxana yolu artıq görünməkdədir.../musavat.com