IFC bu sahədə Azərbaycana kömək göstərməyə hazırdır - Regional menecer
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla bərpa olunan enerji sahəsində fəaliyyət göstərmək və özəl investisiyalar cəlb etməklə ölkənin bu sahədə yeni səviyyəyə çıxmasına kömək göstərmək üçün bütün imkanlara malikdir.
Globall.az bildirir ki, bu barədə Trend-ə özəl mesahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
O qeyd edib ki, IFC və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) dənizdə külək enerjisinin inkişafının yol xəritəsini icra etmək, o cümlədən, tərtibatçılar və özəl investorlar cəlb etmək üzərində Azərbaycan hökuməti ilə birgə çalışırlar.
"Baxmayaraq ki, neft və qaz hasilatında artım Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayıb, enerjinin diversifikasiyası postpandemiya dövründə ölkənin gələcək dayanıqlılığının təmin edilməsinin açarıdır. İrəli addımlayan Azərbaycan özünün 2030-cu ilədək milli inkişaf konsepsiyasına uyğun olaraq, özəl sektorun innovativ təşəbbüsləri vasitəsilə öz qeyri-neft sektorunu optimallaşdırmağa hazırdır.
Neft və qazdan diversifikasiya dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək etməklə rəqabət qabiliyyətini artıracaq. Azərbaycan kifayət qədər bərpa olunan enerji resurslarına malikdir, xüsusən dənizdə külək enerjisi sahəsində mühüm potensial mövcuddur.
Dünya Bankının enerji sektorunun idarə olunmasına dəstək proqramı çərçivəsində aparılan qiymətləndirmələrə görə, dənizdə külək enerjisinin texniki potensialı 157 geqavatdır, cari quraşdırılmış ümumi güc isə 8 geqavata yaxındır", - Duarte deyib.