Məhkəmə universitet müəllimi və uşaqlıq dostu ilə bağlı qərar çıxardı
Gəncə Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Globall.az pravda.az-a istinadən bildirir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 7 nəfərin etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.