Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
Suriya keçid dövrü Prezidenti Əhməd əş-Şəraa rəsmi səfərlə Moskvaya gəlib və Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Əş-Şəraa ötən ilin sonunda Moskvaya yaxın olan Bəşər Əsədi devirmiş silahlı müxalifətin liderlərindən biri olub. Rusiya ordusu illərlə Əsədə dəstək göstərib, onun opponentlərini “terrorçu” adlandırıb. Lakin Əsədin devrilməsindən sonra Moskva Suriyanın yeni hakimiyyətini tanıyıb.
Kremlin yaydığı videoda Putin bəyan edib ki, Moskva Suriya ilə münasibətlərində hər zaman “Suriya xalqının maraqlarından çıxış edib” və iki ölkə arasında əlaqələrin “dostluq xarakteri” daşıdığını xatırladıb. Öz növbəsində Əş-Şəraa bildirib ki, Suriya rəhbərliyi Rusiya ilə daha əvvəl əldə edilmiş bütün razılaşmalara hörmətlə yanaşacaq.
Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb ki, görüşdə əsas müzakirə mövzularından biri Suriyada yerləşən Rusiya hərbi bazaları olacaq. Hələ Əsəd dövründə yaradılmış Xmeymim və Tartus bazaları hazırda da fəaliyyətini davam etdirir, baxmayaraq ki, Rusiyanın ümumi hərbi mövcudluğu Suriyada azalıb.
“Reuters” və bir sıra ərəb KİV-ləri səfər ərəfəsində yazmışdılar ki, Əş-Şəraa Moskvadakı danışıqlarda Rusiya ərazisində siyasi sığınacaq almış Bəşər Əsədin ekstradisiyasını rəsmi şəkildə tələb edə bilər. Lakin bu barədə hələlik rəsmi məlumat verilmir. Həmçinin Putinlə görüşün yekunları barədə də açıqlama yoxdur.
Xatırladaq ki, Rusiya 2015-ci ildə Suriyanın vətəndaş müharibəsinə Əsədin tərəfində qoşulmuşdu. Moskva bunu “İŞİD-lə mübarizə” ilə əsaslandırsa da, Rusiya aviasiyası müxalif qüvvələrə qarşı da hava zərbələri endirirdi. 2024-cü ildə isə müxalifətin qəfil hücumu nəticəsində Əsəd rejimi bir neçə gün ərzində süqut etdi, rus hərbçiləri onu ölkədən çıxarmağa müvəffəq oldular.
Beləliklə, Əhməd əş-Şəraa ilə Putin arasında baş tutan bu görüş Suriyada müharibədən sonrakı dövrdə Moskvanın yeni rejimlə münasibətlərinin istiqamətini müəyyən edən ilk rəsmi təmas hesab olunur.
Press-fakt