Mask ABŞ prezidenti olacaq?
Son zamanların ən məşhur siması İlon Maskdır. O, bir sıra ölkə başçıları ilə görüşlər keçirməkdədir. Onun son zaman verdiyi açıqlamalar onun prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı iddiaları gücləndirir.
Politoloq Elxan Şahinoğlu şəxsi feysbuk hesabında İlon Maskla bağlı qeydini bölüşüb. O düşünür ki, Maskın ABŞ prezidenti olmaq şansı var.
"İlon Maskın ABŞ prezidentliyə iddiasını ortaya qoyacağını istisna etmirəm. Onun vaxtilə inşaat və otel sektorunda ad qazanmış keçmiş prezident Donald Trampdan nəyi əskikdir? Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib. İlon Mask son zamanlar siyasi açıqlamalar verir, indi də deyib ki, ABŞ-nin Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar. Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağı qərar verir, fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb. Hər halda İlon Mask 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq", - o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, sentyabr ayında ABŞ-də səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SpaceX və Tesla şirkətlərinin baş direktoru Elon Mask ilə görüşüb. Həmçinin, "Space X" şirkətinin təsisçisi İlon Mask oktyabrın əvvəlində Bakı Konqres Mərkəzində keçiriləntədbirdə onlayn formada çıxış edib.