Tofiq Yaqublunun həbs müddəti daha iki ay uzadılıb
Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs müddəti daha iki ay uzadılıb. Bu qərarı bu gün Bakının Xətai Rayon Məhkəməsi qəbul edib. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
* Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamı ilə həbs edilib. Bu, prezident İlham Əliyevin müxalifətin ünvanına təhdid yer alan çıxışından bir neçə gün sonra baş verib.
T.Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Onun "cinayəti" park edilmiş avtomobilinə başqa maşının vurması və maşındakı şəxslərin T.Yaqubluya hücum etməsidir. Bu şəxslər sonradan T.Yaqublunun özünü ittiham ediblər.
Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.
Müxalifətçinin tərəfdaşları əmindirlər ki, həbsin əsl səbəbi T.Yaqublunun hakimiyyətin siyasətini kəskin
tənqid etməsi və Facebook-dakı nəşrləridir./turan