Gürcüstan Rusiya ilə sərhədi avqustda aça bilər
“Gürcüstan Rusiya ilə quru sərhədi bu ilin avqustunda aça bilər”.
Bunu Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “İzvestiya” nəşrinə deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstan tərəfi Rusiya ilə birbaşa uçuşların bərpasına hazır olduğu barədə danışıb:
“Lakin pandemiyanın başa çatmadığı dövrdə, yəqin ki, bu barədə danışmaq tezdir. Vəziyyət imkan verən kimi Gürcüstan Rusiyaya birbaşa reysləri bərpa etməyə hazır olacaq. Lakin cavab Rusiyanın qərarından və epidemioloji vəziyyətdən asılı olacaq”.
“Report” xatırladır ki, Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini ötən il iyulun 8-də dayandırıb. Gürcü ekspertlərin hesablamalarına əsasən, bu qərar ölkənin turizm sektoruna 1 milyard dollardan çox zərər vurub.
Koronavirus pandemiyasına görə Gürcüstan martın 18-dən sərhədlərini əcnəbilər üçün bağlayıb.