Azərbaycanda Fransanın casus şəbəkəsi
AŞKARLANDI
Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlarda iştirak edən Fransa kəşfiyyatçılarının Azərbaycanda geniş rezidentliyi aşkarlanıb. Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib. Bununla yanaşı, hazırda yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Globall.az Milli.Az xəbər verir ki, bu rezidentura Fransanın "tərəfdaşları" kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb.
Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.
Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.
Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub.
Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib.
Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq.