Revanşistlərin sərhəddə təxribat planı: Köçaryana bağlı qüvvələr…
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olmaq məqsədilə mitinqlər təşkil edir. Onun insanların yanında olması, “canfəşanlığı” baş nazir postuna gəlmək istəməsindən irəli gələ bilərmi?
Ümumiyyətlə, Paşinyanın yaxın günlərdə, aylarda devrilməsi mümkündürmü?
Globall.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Paşinyanın yaxın günlərdə devrilməsi mümkün görünmür.
Onun sözlərinə görə, Ermənistandakı kilsə başqa şəxslər tərəfindən idarə olunur:
Ədalət Verdiyev
“Baş verən proseslərin qarşısının alınması üçün Paşinyan çox ləng fəaliyyət göstərir. Çünki Ermənistanda kilsə birmənalı olaraq mövcud olan Qarabağ klanı, xüsusilə də Sarkisyan- Köçaryan komandası tərəfindən idarə edilir. Hazırda Baqratın ətrafında həm daşnaklar, həm Apostol kilsəsi, həm vəzifədən azad edilən keçmiş hərbçi və məmurlar cəmləşir. Paşinyana qarşı fəaliyyət göstərməklə bərabər, Azərbaycan əleyhinə də revanşist bəyanatlar səsləndirilir”.
Hərbi ekspert deyib ki, proseslərin qarşısının alınması üçün cinayət işi açılmış və etiraz edən kateqoriyaya qarşı olan şəxslərin silah-sursat saxlamasına dair böyük ehtimallar mövcuddur:
“Ən azından bu silah mənbələri Paşinyan tərəfindən zərərsizləşdirilməlidir. Digər tərəfdən isə Köçaryana yaxın olan hərbçilər tərəfindən Azərbaycanla şərti dövlət sərhədində təxribat ehtimalı böyükdür. Azərbaycan tərəfi bütün bunları olaraq nəzərə alıb, əks tədbirlər üçün daim hazır olmalıdır”.