Prezident referendum istədi: Gürcüstan yol ayrıcındadır
Gürcüstanda “xarici agent” qanunu ölkəni gərginləşdirməkdə davam edir. Qanun Rusiyayönlü baş nazir İrakli Kobahidzenin dəstəyi ilə parlamentdən keçdiyi halda, qərbyönlü prezident Salome Zurabişvili birbaşa ictimaiyyətə müraciət edərək referendumun keçirilməsini istəyib.
Globall.az xəbər verir ki, etirazlara baxmayaraq, mayın 14-də parlamentdə səsə qoyulan qanunun qəbulundan sonra prezident Zurabişvili səlahiyyətlərindən istifadə edərək ona veto qoyub. Lakin baş nazir Kabahidzenin nəzarətində olan parlament mayın 28-də yeni səsvermə keçirməklə prezidentin vetosunu aşdı. Qərbyönlü tərəfdarlar bu qanunun ölkənin Aİ-yə üzvlük yolunu təhlükə altına salacağını iddia edir və bu qanunun müxalifəti susdurmaq üçün də istifadə olunacağından narahatdırlar. İctimaiyyətə müraciət edərək, təslim olmadığını bildirən prezident “150 yerlik parlamentimizdə oturan və əsasən müəyyən klanların təsiri altında olan 84 deputat ölkəmizin taleyini həll edə bilməz. Mən sizə səslənirəm. 200 min imza toplayın ki, mübahisəli qanun ləğv olunsun. “ Oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə “təsir agenti” qanununun ləğvi məsələsini referenduma çıxaraq”.