Rusiya-Şimali Koreya razılaşması ilə bağlı Cənubi Koreyadan açıqlama
Cənubi Koreya Rusiya-Şimali Koreya hərbi əməkdaşlığının təhlükələrini vurğulayıb.
Globall.az xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik, “Rusiyanın Ukraynadakı hücumlarında istifadə etdiyi silahların Şimali Koreyadan qeyri-qanuni yollarla gətirildiyinə dair daha çox dəlil var” dedi.
Sinqapurda keçirilən Asiya-Sakit Okean regionunun aparıcı təhlükəsizlik forumlarından biri olan “Şanqri-La Dialoq”da iştirak edən Şin “böhran idarəçiliyinin təkmilləşdirilməsi” adlı sessiyada çıxış edib.
Şin iddia edib ki, “Rusiya və Şimali Koreya arasındakı hərbi əməkdaşlıq Koreya yarımadasındakı gərginliyi artırıb, Avropadakı döyüş meydanına təsir edib və Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi silahların Şimali Koreyadan qeyri-qanuni idxal edildiyinə dair daha çox dəlil aşkarlanıb ” .
Moskva ilə Pxenyan arasında silah ticarətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması olduğunu bildirən Şin, Koreya yarımadasının sülhü üçün bunun dərhal dayandırılması lazım olduğunu bildirib.
Şin iddia edib ki , Şimali Koreya Rusiyadan hərbi texnologiya transferlərini almağa davam edərsə, “Şimali Koreyanın adi hərbi imkanlarının yaxşılaşdırılması qaçılmaz riskə çevriləcək”.
Cənubi Koreyanın özünün nüvə silahı yaratmasının mümkünlüyü ilə bağlı suala cavabında Şin bəyan edib ki, ölkəsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin əhatə dairəsinə arxayındır.
“Daha güclü ABŞ-Cənubi Koreya ittifaqı Şimali Koreyanın nüvə fəaliyyətlərinə cavab olardı”. Şin qeyd edib ki, Şimali Koreya nüvə imkanlarından tamamilə təmizlənməlidir.