“Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq”- Deputat açıqladı
İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı son fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişiklik edilib və bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzil almaq mümkün olacaq.
Deputatın sözlərinə görə, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdəki yaşayış sahəsinin qiymətinin 90 faizindən çox olmamalıdır.
Eyni zamanda, həmin ərazilərdə alınacaq mənzillərlə bağlı ipoteka üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəlirinin 75 faizindən artıq olmamalıdır. Bu tələb yalnız müəyyən hallarda, yəni ipoteka məbləği ilkin bazarda ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduqda tətbiq edilmir.
Bayramov qeyd edib ki, bu dəyişikliklər gənc ailələrə Qarabağ və Şərqi Zəngəzurda güzəştli ipoteka kreditindən istifadə etməklə mənzil sahibi olmaq imkanı verəcək.
“Bu, bir tərəfdən bölgədə məskunlaşma prosesini sürətləndirəcək, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın formalaşması və inkişafına ciddi dəstək olacaq," - deyə deputat vurğulayıb.
Millət vəkilinin fikrincə, dəyişikliklər gənclərin mənzil təminatını yaxşılaşdırmaqla yanaşı, Qarabağın sosial-iqtisadi dirçəlişinə də töhfə verəcək: “Yeni qaydalar əhalinin güzəştli şərtlərlə mənzilə çıxış imkanlarını genişləndirir və bu da dövlətin Qarabağın bərpası istiqamətində atdığı mühüm addımlardan biridir".