Tailand Hərbi Hava Qüvvələri Kamboca ordusunu F-16-larla vurdu

Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeat Tailand ordusunu kaset hərbi sursatlardan istifadədə ittiham edib.
Bu barədə "Khmer Times" nəşri məlumat yayıb.
"Bu qəddar və qeyri-insani təcavüz aktı beynəlxalq hüququ, o cümlədən Kasetli Silahlar haqqında Konvensiyanı pozub", - deyə Kamboca Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.
Öz növbəsində Tailandın quru qoşunları komandanlığının rəsmi nümayəndəsi Vintay Suvari Kambocanı qəsdən artilleriya qurğuları və raket sistemlərini yaşayış məntəqələri yaxınlığında yerləşdirməkdə ittiham edib.
***
Tailand Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca ordusunun mövqelərinə hava zərbələri endirmək üçün "F-16" qırıcılarından istifadə edib.
Bu barədə Tailand Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən "The Nation" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, məbəd komplekslərinin yaxınlığındakı hədəflərə həmlələr Kambocanın Tailanddakı yaşayış binalarını və xəstəxanaları ağır silahlardan atəşə tutmasına cavab olaraq həyata keçirilib.
***
Kamboca ilə Tailandın sərhədində ardıcıl ikinci gündür ki, artilleriyadan istifadə edilməklə toqquşmalar davam edir.
TASS xəbər verir ki, məlumatı Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi Mali Soçxeat da təsdiq edib.
O bildirib ki, hər iki ordu bir-birinin mövqelərini atəşə tutmaq üçün ağır artilleriyadan istifadə edir.
Tailandın Səhiyyə Nazirliyi döyüşlər nəticəsində azı 14 mülki vətəndaşın və bir əsgərin həlak olduğunu, 46 nəfərin isə yaralandığını bildirib.
Mətbuat isə yazır ki, Kamboca və Tailand ordusu arasında artan toqquşmaların fonunda hər iki ölkənin sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə təxliyə olunublar./oxu.az