“RUSİYANIN ETDİKLƏRİ İYRƏNCDİR”- Tramp ritorikasını daha da sərtləşdirdi
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın paytaxtı Kiyevə son hücumuna sərt reaksiya verib. O, bu hücumu “iyrənc” adlandırıb və Moskvaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirib.
Tramp iyulun 31-də Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Hesab edirəm ki, Rusiyanın etdikləri iyrəncdir, çox üzücüdür. Çoxlu sayda rusiyalı da ölür”.
Press-fakt xəbər verir ki, ABŞ Prezidenti Rusiya rəhbərliyinə qarşı hansı konkret sanksiyaların tətbiq olunacağını açıqlamayıb. Lakin əlavə edib: “Mən sanksiyaların onu (Putini – red.) narahat edib-etmədiyini bilmirəm”.
Trampın sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailə səfərindən sonra Moskvaya gedəcək. Uitkoff hazırda Qəzza ilə bağlı vəziyyəti İsrail rəsmiləri ilə müzakirə edir. ABŞ Prezidenti Moskvaya səfərin dəqiq tarixini açıqlamayıb.
“O, Rusiyaya gedir. İstəyirsiniz inanın, istəyirsiniz yox”, – deyə Tramp jurnalistlərə bildirib.
Bu bəyanatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Kreml rejiminin dəyişdirilməsi ilə bağlı çağırışından bir neçə saat sonra səslənib. Zelenski bildirib ki, Rusiyada siyasi rejim dəyişməsə, gələcəkdə regionda qeyri-sabitlik davam edəcək.
Ukrayna lideri Helsinki Yekun Aktının 50 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən qeyd edib ki, Qərb hələ də Rusiyanı sülhə məcbur etmək imkanına malikdir.
Zelenski gecə videomüraciətində əlavə edib: “Bu gün biz dəqiq bilirik ki, Avropaya sülhü qaytarmaq, Rusiyanı sülhə məcbur etmək, bu müharibəni bitirmək üçün nə lazımdır”.
Ukrayna Prezidenti həmçinin vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar və ölkəsinə dəstək üçün güclü addımlar atılacaq.
ABŞ-nin BMT-dəki nümayəndəsi Con Kelli iyulun 31-də Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, Prezident Tramp Ukraynada atəşkəsin əldə olunması üçün 8 avqust tarixini hədəf qoyub.
“Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə danışıqlar aparmalıdır. Artıq razılaşma vaxtıdır. Prezident Tramp aydın şəkildə bildirib ki, bu, 8 avqusta qədər baş verməlidir”, – deyə Kelli bildirib.
Dövlət katibi Marko Rubio isə qeyd edib ki, altı aydır davam edən diplomatik cəhdlərə baxmayaraq, Vaşinqton Moskva ilə aparılan qapalı danışıqlarda indiyə qədər heç bir irəliləyiş görməyib.
Tramp isə açıqlamasında, Rusiya Prezidenti Vladimir Putinin davranışlarından “çox məyus olduğunu” bildirib. O əlavə edib ki, əvvəlki 50 günlük möhlət artıq 10–12 günə endirilib. Əgər Rusiya atəşkəs razılaşmasını qəbul etməzsə, ABŞ yeni iqtisadi tariflər tətbiq edəcək.
Ukrayna Prezidenti isə belə bir atəşkəsi qəbul etməyə hazır olduğunu deyib və Putinə birbaşa görüş təklif edib. Lakin Kremlin bu təklifi rədd etdiyi bildirilir.
Xatırladaq ki, Rusiya iyulun 30-dan 31-nə keçən gecə Kiyevə raket və dronlarla hücum edib. Nəticədə azı 26 nəfər, o cümlədən 3 uşaq həyatını itirib, 150 nəfərdən çox insan yaralanıb.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri və universitetlər hücumun hədəfi olub.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, dağıntılar altından 10 nəfərin cəsədi çıxarılıb və ölənlərin sayı artmaqda davam edir.
Baş nazir Yuliya Sviridenko hücumdan sonra hadisə yerini ziyarət edib və bildirib: “Dağıntılar altından çıxarılan insanları öz gözlərimlə gördüm. Valideynlərin övladlarını axtardığını görmək ürək ağrıdır”.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə hücumu “Kiyevdə dəhşətli səhər” adlandıraraq, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıldığını bildirib.
Bu arada Rusiya hərbi qüvvələri Ukraynanın şərqində yerləşən Çasov Yar şəhərini ələ keçirdiklərini iddia edib. Kiyev bu iddianı təkzib edib.