Rusiyanın təsdiqlənmiş itkiləri 121 mini keçdi - Ukraynanın da ölü sayı açıqlandı
Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfinin təsdiqlənmiş insan itkisi 121 507 nəfərə çatıb.
Bu rəqəmlər "Mediazona", Rusiyanın BBC xidmətinin jurnalistləri və könüllülər tərəfindən açıq mənbələr əsasında müəyyən edilib və itkinlərin şəxsiyyəti adbaad təsdiqlənib.
Bununla belə, "Mediazona" Rusiya vətəndaşları arasında artıq ölüm hallarını ayrıca təhlil edərək bildirir ki, əslində Rusiya ordusunun müharibədəki insan itkisi 165 min nəfər civarında ola bilər. Bu qiymətləndirmə irs hüququ ilə bağlı işlərin statistikası əsasında aparılıb.
Qeyd olunmalıdır ki, açıq mənbələrə yalnız bəzi həlak olanlar haqqında məlumatlar düşür. Könüllülər və jurnalistlər bu məlumatları toplasa da, onların hamısı hələlik tam emal olunmayıb. Bu da o deməkdir ki, Rusiya Silahlı Qüvvələrinin real itkiləri rəsmi rəqəmlərdən və mövcud hesabatlardan xeyli çox ola bilər.
Qarşı tərəf – Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı da analoji qiymətləndirmələr mövcuddur. Ukraynada aparılan oxşar bir müstəqil layihə, müharibə başlayandan bəri Ukrayna ordusunun təxminən 145 800 hərbçisini itirdiyini bildirir.
Xatırladaq ki, nə Rusiya, nə də Ukrayna rəsmi olaraq döyüş meydanında itirilmiş canlı qüvvə ilə bağlı tam və şəffaf məlumatlar açıqlamır.
Press-fakt