Netanyahu Qəzzaya hücumları genişləndirir - Quru hücumu planlaşdırılır

İsrail Baş naziri Benyamin Netanyahu artıq 22 aydır davam edən Qəzza zolağına hücumları daha da genişləndirmək qərarı verib. Bu qərar, təhlükəsizlik qurumları arasında fikir ayrılığına baxmayaraq qəbul olunub və İsrailli əsirlərin olduğu ehtimal edilən ərazilərin də hədəfə alınacağı bildirilib.
Bu barədə İsrailin dövlət televiziyası "KAN" məlumat yayıb.
Məlumata görə, bir sıra yüksək vəzifəli nazirlər Netanyahu ilə görüşərək onun bu qərarını təsdiqləyiblər. Onların sözlərinə görə, Netanyahu Qəzzaya hücumları israilli əsirlərin olduğu düşünülən bölgələri də əhatə edəcək şəkildə genişləndirmək niyyətindədir.
Nazirlər Netanyahunun təhlükəsizlik qurumları ilə razılığa gəlmədən bu addımı atdığını və müzakirələr zamanı onun "zolağın işğalı" ifadəsini işlətdiyini vurğulayıblar.
İsrail mediası bildirir ki, ordu Qəzza zolağında hücumların genişləndirilməsi üçün hazırlıqlar aparır. Hazırlanan mərhələli hücum planı çərçivəsində, daha əvvəl dəfələrlə yerindən edilən fələstinlilərin sığındığı qaçqın düşərgələri də daxil olmaqla həssas bölgələrə quru hücumları planlaşdırılır.
İddialara görə, İsrail ordusu indiyə qədər həmin ərazilərdə israilli əsirlərin mövcudluğu səbəbindən quru əməliyyatlardan çəkinib. Lakin bu həftə İsrail kabinetinin genişmiqyaslı hücum planını müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət tərəfindən insani fəlakət kimi qiymətləndirilən vəziyyət Qəzzada getdikcə daha da pisləşir. Netanyahu hökumətinin bu yeni hücum qərarı vəziyyəti daha da ağırlaşdıracağı ilə bağlı ciddi narahatlıq doğurur.
Press-fakt