“Trampın ultimatumu nəticəsiz qala bilər”- “ABŞ-nin münaqişədən çəkiləcəyi gözləniləndir”
Bir çoxları hesab edir ki, gələn həftə Rusiya və Ukrayna arasında müharibədə dönüş nöqtəsi ola bilər, çünki ABŞ Prezidenti Donald Trampın Kremlin sülh sazişi bağlaması üçün müəyyən etdiyi müddət yaxınlaşır. Ancaq yeni heç bir şey baş verməyəcəyini düşünənlər də kifayət qədər çoxdur.
“Associated Press”in yazdığı kimi, Trampın ultimatumunun bitdiyi tarix, təyin etdiyi “dedlayn” sakit və nəticəsiz keçə bilər. Nəşr qeyd edir ki, Trampın vədləri və hədələri indiyədək Kremlin mövqeyini dəyişdirə bilməyib. Bütün səylər diplomatik dalana dirənib. Bunun fonunda isə Ukrayna cəbhə xəttində getdikcə daha çox ərazi itirir. Ancaq onun müdafiəsinin çöküşünün də əlamətləri yoxdur.
Eyni zamanda Trampın özü də sanksiyaların işə yarayacağına əmin deyil. O, daha əvvəl demişdi ki, Rusiya “sanksiyalardan yayınmaqda kifayət qədər bacarıqlı olduğunu” sübut edib.
Qəzet qeyd edir ki, eyni zamanda ABŞ-nin yüksək rütbəli rəsmiləri sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə ABŞ-nin münaqişədən çıxa biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq hər halda, Trampın təyin etdiyi müddət yaxınlaşdıqca diplomatik atmosfer qızışır.
Xatırladaq ki, Donald Trampın Moskvaya ünvanladığı ultimatum avqustun 8-də başa çatır. Kreml müharibəni dayandırmağa razı olmasa, Tramp Rusiya neftini almağa davam edən istənilən ölkədən idxala 100% rüsum tətbiq edəcəyinə söz verib.
Press-fakt