"ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir"- NASA
ABŞ Yerin təbii peykində uzunmüddətli mövcudluğa və gələcəkdə pilotla Marsa uçuşlara hazırlıq məqsədilə Ayda nüvə reaktoru quraşdırmaq niyyətindədir.
Bunu NASA-nın rəhbəri vəzifəsini icra edən, ABŞ-nin nəqliyyat naziri Şon Daffi pilotsuz aparatların tənzimlənməsinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ayda nüvə enerjisindən istifadə dayanıqlı infrastruktur yaradacaq və gələcək Ay bazasını enerji ilə təmin edəcək. "Qulaq asın, bu yeni konsepsiya deyil. Bu, Donald Trampın birinci prezidentlik dövründə, sonra Cozef Baydenin dövründə müzakirə olunub. Biz yarışdayıq - Ay yarışında, Çinlə yarışdayıq. Ayda bazaya sahib olmaq üçün bizə enerji lazımdır", - NASA rəhbəri vurğulayıb.
Daffi qeyd edib ki, Ayın günəş işığı və buz yataqları olan ərazisi xüsusilə perspektivlidir. "Biz ora birinci çatmaq və Amerika üçün bu ərazini tutmaq istəyirik" dedi.
NASA rəhbəri qeyd edib ki, günəş enerjisi həyatı təmin etmək üçün lazım olan enerji ehtiyacını tam ödəyə bilməz. "Bunun üçün nüvə parçalanması texnologiyası tələb olunacaq. Həm də böyük elektrik stansiyalarının miqyasında deyil - söhbət 100 kVt gücdən gedir ki, bu da təxminən 186 kvadratmetrlik bir evin üç yarım gün ərzində istehlakına bərabərdir", - Daffi izah edib./report