Şıxlinski təkadamlıq kameraya salınıb - Kreml çirkin təzyiq metodlarından əl çəkmir
Kreml Rusiyadakı Azərbaycan diasporu təmsilçilərinə qarşı qanunsuz və qəddar hərəkətlərini daha da artırır.
Rusiya mediasının yazdığına görə, Moskvada həbs edilərək Yekaterinburqa aparılan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya salınıb.
Bu barədə URA.RU-ya istintaqa yaxın mənbələrdən məlumat verilib. Agentliyin mənbələrindən biri deyib ki, “Şıxlinski karserdədir”. Rusiya Federal Penitensiar Xidmətin Sverdlovsk vilayəti üzrə mətbuat xidməti isə vəziyyəti şərh etməkdən imtina edib.
Qeyd edək ki, əslində, insanların təkadamlıq kameralarda yerləşdirilməsi onlara qarşı ağır işgəncə növlərindən biri sayılır. Hansı ki, bu da əsasən ağır cinayətlər törətmiş olduqca təhlükəli məhbuslara qarşı görülən tədbirdir. Bu baxımdan heç bir günahı olmayan və hər hansı cinayəti sübut edilməyən Şıxlinskinin “karserə” salınması Rusiya rəhbərliyinin azərbaycanlılara qarşı qərəzli, çirkin, alçaq münasibətinin daha bir təzahürüdür.
Xatırladaq ki, daha əvvəl Şıxlinskinin oğlu Mütvala Şıxlinski guya xüsusi təyinatlı zabiti bilərəkdən maşınla vurması ilə bağlı saxta ittihamla həbs edilib.
Press-fakt