BAKININ TIXAC PROBLEMİ...- "Sentyabrda yollarda xaos olacaq" /VİDEO
Yay günlərində Bakının bir çox ərazilərində yollarda sıxlıq yaşanır. Bu da vətəndaşların narazılığına səbəb olur.
Press-fakt xəbər verir ki, AzTV Bakıdakı tıxacın səbəblərini araşdırıb.
Bildirilib ki, Ziya Bünyadov prospekti, Sumqayıt şosesi, 20 Yanvar istiqaməti, Tbilisi prospekti və Heydər Əliyev prospektində hər gün sıxlıq olmasının səbəbləri müxtəlifdir. Belə ki, Ziya Bünyadov istiqamətində hərəkəti ləngidən əsas səbəb 20 Yanvar istiqaməti üzrə yolun davamının yarımçıq qalmasıdır. Cənub istiqamətində hərəkət edən sürücü şimal istiqamətinə gedib fırlanıb Kənar Dairəvi yola çıxır. Yəni bir çox sürücülər yollarını məcburən Ziya Bünyadov prospektindən salmalı olurlar.
20 Yanvarda tıxacın yaranmasının səbəbi isə səhər və axşam saatlarında Xırdalan dairəsi istiqamətində olan sıxlıqdır. Təklif olunur ki, bu ərazidə mini asma körpü salınsın, bu zaman problem aradan qalxa bilər.
Sürücülər isə sıxlığa görə çətinlik çəkdiklərini bildiriblər: “Dəhşətli dərəcədə əziyyət çəkirik, hər kəs çətinliklə gedib-gəlir. Bu tıxaclar bizi bezdirib”.
Onlar tıxacın əsasən Xırdalan dairəsində olduğunu da vurğulayıblar.
Süjetdə həmçinin qeyd olunub ki, paytaxtın daha yaralı yeri Kənar Dairəvi yoldur. Pik saatlarda burada da vəziyyət çıxılmaz hal alır. Bu ərazilərdə daimi olaraq sıxlığın yaşanmasının əsas səbəbi Kənar Dairəvi yolun düzgün planlaşdırılmamasıdır. Nəticədə Heydər Əliyev prospekti - Hava Limanı istiqamətində yüklənmə yaranır. Bu istiqamətdə qəza baş verərsə, hərəkət tamamilə iflic olar.
Daha ətraflı videomaterialda: