“Çin Rusiyanı sülh bağlamağa qoymayacaq”- “Pekin MÜNAQİŞƏNİ UZATMAĞA ÇALIŞIR”
Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq səylərini artırarkən, Çin münaqişəni kölgədən alovlandırmaqla sülh prosesini effektiv şəkildə sabotaj edir.
“The Telegraph”-da Pentaqonun kəşfiyyat üzrə analitiki Rebekka Kofflerin dərc edilən məqaləsində deyilir ki, Si Cinpin müharibəni bitirməkdə maraqlı deyil - əksinə, Pekin onu mümkün qədər uzatmağa çalışır.
Təhlilçilərin fikrincə, Çin Ukraynadakı savaşa əsas rəqibləri – Moskvanı və Vaşinqtonu tükəndirən bir proksi müharibə kimi baxır. ABŞ Ukraynanın müdafiəsini maliyyələşdirdiyi halda, Çin Moskvanı gücləndirir - mikroelektronika, optik sistemlər, dron komponentləri və müharibə üçün vacib olan digər texnologiyaları təmin edir.
Kəşfiyyat mənbələri Çində Rusiyanın “Almaz-Antey” konserni ilə birgə hücum PUA-larının istehsalı üçün gizli müəssisə yaradıldığını bildirir. Koffler qeyd edir ki, bu, Pekinin daha dərin strategiyasının bir hissəsidir: Rusiyaya uzun sürən müharibə aparmağa kömək etməklə yanaşı, zahirən neytrallığı qorumaq. O qeyd edir ki, Çin iqtisadi əməkdaşlıq adı altında hər il milyonlarla barrel Rusiya nefti və qazını əksər hallarda sanksiyalardan yan keçməklə, kölgə donanması vasitəsilə idxal edir. Tramp Rusiya neftinin idxalına görə Hindistana yeni 25%-lik rüsumlar tətbiq etdikdən sonra da Çin ABŞ Maliyyə Nazirliyinin 100%-lik tarif təhlükəsini belə rədd edərək, neft almağa davam edir.
Ekspertlər Moskvaya verilən bu dəstəkdə strateji hesablama görürlər: uzanan münaqişə Çinə Amerikanın silah ehtiyatlarını və 2027-ci ilə qədər real ssenari hesab edilən Tayvana potensial hücuma qarşı ABŞ-nin hazırlığını azaltmağa imkan verir.
Müəllif Si Cinpinin taktikasını bu cür ifadə edir: “Vadidə iki pələng döyüşərkən, müdrik meymun dağda oturub seyr edir”.
Qeyd olunur ki, bu kontekstdə Trampın sülh təşəbbüsü təhlükə altındadır: “Onun nümayəndəsi Stiv Uitkoff Kremllə danışıqlar aparır, lakin Çin və Rusiyanın, üzdə tərəfdaş olsalar da, müharibəni davam etdirməkdə öz maraqları var. Yapon dənizində birgə hərbi dəniz təlimləri Pekin və Moskvanın sülhə hazır olmadığına daha bir işarədir”.
Press-fakt