"Siz böyük lidersiniz..." "...Böyük lider yanımda oturub"- Tramp ilə Əliyev arasında maraqlı dialoq
Məlum olduğu kimi, ötən gün Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri arasında Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimindən sonra dövlət başçıları arasında maraqlı bir dialoq yaşanıb.
Press-fakt həmin dialoqu təqdim edir:
Prezident İlham Əliyev bildirib:
- "Bu, 33 illik sanksiyaların sonudur. Bu, Prezident Trampın sayəsində mümkün olub".
Donald Tramp isə qeyd edib:
- "Sizin xalqınız əladır. Hələ biz tanış olmamışdan öncə mənim haqqımda xoş sözlər deyirdiniz – hətta seçkilərdə qalib gəlməmişdən əvvəl".
İlham Əliyev cavab verib:
- "Bəli, qalib gəlməmişdən əvvəl. O sözlər səmimi idi. Siz birinci prezidentlik müddətinizdə gördüyünüz işlərlə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətini qazandınız. Son aylarda Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. Bu, inanılmazdır".
Tramp:
- "Pakistan və Hindistan arasındakı münaqişə – bu çox ciddi məsələ idi, çünki hər iki ölkə nüvə dövlətidir".
Əliyev:
- "Kamboca və Tailand".
Tramp:
- "Bəli, yaxşı işlər gördük. Siz də edərdiniz. Sizin münaqişəniz də ciddi məsələdir. Döyüşlər nə qədər davam etdi – 33, 35 il?".
Əliyev:
- "Bəli, münaqişə 1988-ci ildə başladı. Amma aktiv hərbi mərhələ 1991–1992-ci illərdə oldu".
Tramp:
- "Amma həll olunmamışdı".
Əliyev:
- "Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mənasız danışıqlar dövrü başladı".
Tramp:
- "Bu, çox ciddi məsələdir".
Əliyev:
- "Əlbəttə, siz möcüzə yaratdınız".
Tramp:
- "Amma media bunu eşitmək istəmir".
Əliyev:
- "Azərbaycan mediası bunu işıqlandıracaq".
Tramp:
- "Siz böyük lidersiniz".
Əliyev:
- "Böyük lider yanımda oturub".
Tramp:
- "Sizin üçün hədiyyəm var. Elə bilirəm xoşunuza gələcək".
Əliyev:
- "Mənim doqquz nəvəm var, icazə versəniz, onların hamısını götürərdim".
Tramp:
- "Sizin doqquz nəvəniz var? Bizə bir neçə əlavə sikkə verin. Siz çox yaxşı danışıqlar aparırsınız. Hamı bu sikkələri xoşlayır. Onlar dünyanın ən gözəl, bəlkə də ən bahalı sikkələridir. Nümayəndə heyəti yaxınlaşsın, şəkil çəkdirək".
Sonda Donald Tramp İlham Əliyevə simvolik Ağ Ev açarını təqdim edərək deyib:
- "Sizin üçün başqa bir hədiyyəm də var. Bu, Ağ Evin simvolik açarıdır. Mən onu tez-tez təqdim etmirəm".