HİCAB altında RİYAKARLIQ - DİNİ GEYİM, yoxsa... BƏDƏN NÜMAYİŞİ?

Zamanımızın ən ziddiyyətli görüntülərindən biri – başını örtüb, bədənini sərgiləyən qadın obrazıdır. Hicab, İslam dinində qadınlar üçün iffət və təvazökarlığın rəmzidir, amma günümüzdə bir çox qadının əlində ya modaya çevrilib, ya da riyakarlığın alətinə...
Başını bağlayıb, bədənini “qucaqlayan” dar geyimlə ortalıqda dolaşmaq sadəcə dini əmrlərə qarşı laqeydlik deyil, həm də hicabın mahiyyətini təhqir etməkdir. Belə “hicab” altında çox hallarda cərrah əli ilə şəkilləndirilmiş göstəriş arzusu gizlənir.
Hicabı yalnız başla məhdudlaşdırıb bədəni sərgiləmək həm də hicaba qarşı olanların, qeyri-müsəlmanların da məsxərəsinə çevrilir. Nəticədə qurunun oduna yaş da yanır. Bu cür yanlış təqdimatlar hicaba üsuluna uyğun riayət edən qadınlara da kölgə salır.
Mövzu ilə bağlı ilahiyyatçı hacı Mirağa Soltanovbildirib ki, hicab bədənin bütövlükdə örtülməsi və diqqət çəkməyəcək, cazibə yaratmayacaq şəkildə geyinilməsi deməkdir.
“Dar, bədən formalarını bildirən paltarlar hicabın ruhuna ziddir. Çünki diqqətçəkici və şirnikləndiricidir. Biz hər nə qədər kişilərə nəfsinizə sahib çıxın deyə tövsiyə etsək də, hər cür xarakterli insanlar var. Hicab da qadını belə nəfsinin qulu olan kişilərdən qorumaq üçündür.
Azərbaycan tolerant ölkədir, hər kəs istədiyi şəkildə geyinə bilər. Amma hicabı seçmiş qadın ona mütləq dəqiq əməl etməlidir. Əgər məqsəd dini tələbə əməl etməkdirsə, həm baş, həm də bədən örtülməli, geyim vücud formalarını göstərməməli və cazibə yaratmamalıdır”.
İlahiyyatçı həmçinin diqqətə çatdırır ki, bir çox cavan qadınlar bəzən hicaba yeni başladığı üçün necə geyinməli olduğunu bilmirlər. Bəzən isə digər ölkələrdəki geyim tərzini nümunə götürürlər.
“Bəzi İslam və Qafqaz ölkələrində baş örtüyü ya rəsmən tələbdir, ya da geyim adətidir.
Qadınların hamısı heç də dindar olduğundan örtülməyi seçməyiblər. Ona görə də geyim tərzləri İslami tələblərdən uzaq düşüb. Belə geyinən qadınlar yanlış təəssüratlar yaradırlar.
Bizim bəzi hicablı xanımlar da onların təsirinə düşürlər, təkrarlayırlar”.
İlahiyyatçı vurğulayır ki, belə hallarda ictimaiyyətdə qıcıq yaranır. Amma tövsiyə olunur ki, ittiham yox, təşviq edilərək düzgün yola dəvət edilsin./bizim media
Şəfiqə Şəfa