Avropanın 8 ölkəsi İsrailin Qəzza zolağının İŞĞALI planlarına QARŞI ÇIXIB
İslandiya, İrlandiya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail hökumətinin Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək barədə son açıqlamasını pisləyiblər.
Xarici siyasət idarələrinin rəhbərlərinin bu barədə müvafiq bəyanatı Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Bəyanatda İsrailin qərarının humanitar böhranı daha da ağırlaşdıracağı və Qəzzada qalan israilli girovların həyatını təhlükə altına atacağı vurğulanıb. Nazirlər bildiriblər ki, əməliyyat həm də qəbuledilməz dərəcədə çoxlu sayda itkiyə səbəb olacaq və bir milyona yaxın fələstinli mülki vətəndaşı didərgin salmağa məcbur edəcək.
“Hərbi hücumun intensivləşdirilməsi və Qəzza zolağının işğalı hərtərəfli, ədalətli və davamlı sülhə aparan yeganə yol olan iki dövlətli həll variantının həyata keçirilməsinə ciddi maneədir”, - bəyanatda bildirilib.
Avropalı nazirlər əmindirlər ki, Qəzza zolağı Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili ilə birlikdə Fələstin dövlətinin tərkib hissəsi olmalı, Fələstin və İsrailin tanınması hər iki tərəf üçün təhlükəsizliyin ən yaxşı təminatıdır. Onlar düşünürlər ki, bu, regionda sabitliyi təmin edəcək. Bundan əlavə, dərhal atəşkəs razılaşması əldə edilməli, döyüşlər dayandırılmalı və HƏMAS-ın girov götürdüyü şəxslər azad edilməlidir. Ölkələr, həmçinin humanitar yardımın sürətlə və genişmiqyaslı axınına çağırıblar. Eyni zamanda, HƏMAS-ın Qəzza zolağının gələcək idarəçiliyində və ya təhlükəsizliyində heç bir rol oynaya bilməyəcəyi və tərksilah edilməli olduğu vurğulanır./report