SON DƏQİQƏ! Avropada müharibə hazırlıqları BAŞLADI
Avropa İttifaqı 2025-ci ilin sonunadək illik sursat istehsalını 2 milyon ədədə çatdırmağı planlaşdırır.
Bu barədə “Financial Times” qəzetinə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus məlumat verib.
Kubilyus bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Avropanın istehsal gücü illik 300 min sursatdan hazırkı səviyyəyə yüksəlib və 2025-ci ilin sonunadək 2 milyona çatdırılması hədəflənir.
Nəşrin yazdığına görə, Brüssel 1,5 milyard avroluq yeni hərbi maliyyələşdirmə proqramının işə salınması ilə bağlı danışıqlar aparır. Bu proqram hazırda qüvvədə olan və birgə sursat alışını təmin edən ASAP mexanizminə bənzər olacaq.
Avropa Komissiyası oxşar mexanizmlərdən müdafiə sənayesinin digər sahələrində də istehsalın artırılması üçün istifadə imkanlarını nəzərdən keçirir. Prioritet istiqamətlər arasında raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya və pilotsuz uçuş aparatları yer alır.
Məlumata görə, hərbi istehsal üçün istifadə olunan sənaye sahələrinin ümumi sahəsi 7 milyon kvadratmetrdən çoxdur.
Nəşr bu prosesi Avropanın “tarixi miqyasda yenidən silahlanma”sı kimi dəyərləndirib.
Qeyd edək ki, Avropa İttifaqının bu addımı həm Ukraynaya davamlı dəstəyin, həm də öz müdafiə qabiliyyətini gücləndirmək zərurətinin göstəricisidir.
Sursat istehsalındakı bu artım qitənin uzunmüddətli təhlükəsizlik strategiyasının mühüm hissəsinə çevrilə bilər./bizim media