“PAŞİNYAN narahat olmalı və KREMLƏ CAVAB VERMƏLİDİR...”- Elxan Şahinoğlu
“Vaşinqton razılaşması 9 noyabr sənədini qüvvədən salıb”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin “Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” açıqlamasından ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyan narahat olmalı və bu məsələyə Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə, yəni birbaşa Kremlə cavab verilməlidir”.
Press-fakt xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O deyib ki, rusiyalı rəsmilər bir tərəfdən “Vaşinqton razılaşmasının detallarını öyrənirik” bəyanatı versələr də, son günlər İrəvana açıq xəbərdarlıq mesajları göndərirlər.
Şahinoğlu vurğulayıb ki, bu mesajların birincisi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün nəzərə alınması ilə bağlıdır.
Onun sözlərinə görə, Moskva bununla Zəngəzur dəhlizinin Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmasını istəyir.
“Bu istək nə qədər məntiqidir, bunu İrəvan birlik daxilindəki tərəfdaşlarına izah etməlidir,” – deyə o, əlavə edib.
Politoloq qeyd edib ki, ikinci xəbərdarlıq Vaşinqton razılaşmasının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğunlaşdırılması tələbi ilə bağlıdır. Onun fikrincə, bu da məntiqi deyil, çünki Vaşinqton razılaşması əslində 9 noyabr sənədinin qüvvədən düşməsi anlamına gəlir.
Şahinoğlu əlavə edib ki, Rusiya rəsmilərinin İrəvana göndərdiyi növbəti mesaj “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” şəklindədir.
“Paşinyan bu məsələdə də çıxış yolu tapa bilər. Necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri geri göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər,” – deyə o, bildirib.