“Ermənistan üçün Azərbaycandan keçən yollar açılacaq”- erməni nazir
ABŞ-də imzalanan sənədlər nəticəsində Azərbaycandan keçən yollar Ermənistan üçün açılır.
Bunu avqustun 14-də jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
Eyni zamanda, o əlavə edib ki, hazırda bu yollar hələ açılmayıb, ona görə də Ermənistan vətəndaşları üçün bu yollarla hərəkət etmək mümkün deyil: “Lakin biz onların Ermənistanın bütün vətəndaşları üçün əlçatan olmasına doğru sürətlə irəliləyirik”.
Xudatyan jurnalistləri əmin edib ki, ABŞ-də imzalanmış sənədlər nəticəsində Ermənistan öz ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qoruyaraq mühüm yollara çıxış əldə edir və bu, Ermənistan dövlətinin inkişafında çox mühüm amildir.
O, prosesin birtərəfli ola biləcəyindən narahat olmadığını izah edib. Nazir əmin olduğunu bildirib ki, sənəddə bu cür narahatlıqları istisna edən qarşılıqlılıq prinsipi aydın şəkildə müəyyən edilib: “İmzalanmış sənədlər ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əməl olunmasının təminatıdır”.
Press-fakt