“Bu, imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır”- Millət vəkili
Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.
Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb: "Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".
Tanınmış kardioloq, Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov ATU-da təhsil haqlarının artırılmasına münasibət bildirib.
Millət vəkli qeyd edib ki, tibb təhsili ən strateji sərmayəmizdir.
“Unutmamalıyıq ki, dünyanın hər yerində tibb təhsili digər sahələrlə müqayisədə ən bahalı və ən strateji təhsil növüdür”, - o, əlavə edib.
O, bunun səbəbinin sadə olduğunu vurğulayır: “Həkim yetişdirmək üçün ən müasir texnologiyalar, yüksək ixtisaslı müəllim heyəti, geniş klinik baza və praktiki təcrübə imkanları tələb olunur. Əgər biz tibbin gələcəyinə güvənmək və səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır.
Bu, heç də imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır. Çünki ölkəmizdə fəaliyyət göstərən Tələbə Kredit Fondu – illik cəmi 2% simvolik faizlə, işə başladıqdan sonra uzun illər ərzində qaytarılma imkanı ilə dünyada bəlkə də ən nümunəvi sistemlərdən biridir. Əsas məsələ, bu fondun imkanlarından cəmiyyətin düzgün və effektiv şəkildə yararlanmasıdır. Təəssüf ki, hələ də bir çox tələbə və ailə bu imkandan tam istifadə etmir və mövzunu yalnız qiymət artışı prizmasından dəyərləndirir. Halbuki dövlətin, eləcə də müxtəlif fondların məqsədi, istedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmamasıdır”.
Millət vəkili qeyd edib ki, gələcəkdə, Almaniya kimi inkişaf etmiş ölkələrdə olduğu kimi, yerli vətəndaşlar üçün tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən qarşılanan təhsil modelinə keçid mümkündür.
Onun sözlərinə görə, amma bu, “təhsil pulsuzdur” deyərkən pulun ödənilməməsi anlamına gəlmir, sadəcə həmin ödənişlərin dövlətin daxili resursları və sosial mexanizmlər vasitəsilə təmin olunması deməkdir: “Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və səhiyyənin paralel inkişafına yönəlmiş siyasət, məhz yüksək keyfiyyətin, sosial bərabərliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasında həm milli resurslarımızın səmərəli idarə olunması, həm də gələcək nəsillər üçün dayanıqlı və ədalətli sistemin qurulması dayanır.
Ona görə də bu məsələyə yalnız bir tərəfdən baxmaq doğru deyil. Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir, eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərin hamı tərəfindən düzgün və məqsədyönlü istifadəsi təmin olunmalıdır. İnkişafın yolu - qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissi ilə mümkündür”.
Rasim ƏIliyev