“ZELENSKİ RAZILAŞMALIDIR!”- Trampın Putinlə hansı razılığa gəldiyi açıqlandı
"Ərazilərin mübadiləsi aparılmalıdır, Rusiya ərazisi olduğundan daha çox olacaq və Ukrayna NATO ilə əlaqəli olmayan təhlükəsizlik zəmanətləri alacaq"
Alyaska görüşündən sonra ABŞ və Rusiya başçılarının verdikləri bəyanatlar danışıqların hansı mərhələdə olduğu və bundan sonra nələrin baş verəcəyi barədə tam aydın mənzərə yaratmır. Ona görə də diqqətlər tərəflərin bu gün verəcəkləri şərhlərə yönəlib.
Donald Tramp Vladimir Putinlə görüşdən sonra “Fox News”-a verdiyi müsahibədə bir sıra mübahisəli fikirlər səsləndirib. Tramp kanalın aparıcısı Şon Qennitiyə müsahibəsində Putinlə prinsipial razılığa gəldiyini, ona görə Ukrayna ilə Rusiya arasında “ərazi mübadiləsi”nin aparılmalı olduğunu deyib. O, həmçinin Ukraynanın belə bir razılaşmadan imtina etməsi ehtimalının olduğunu da açıqlayıb.
Trampın Qenniti ilə müsahibəsi onun bundan öncə Putinlə görüşdüyü danışıqlar otağında baş tutub.
Tramp bu müsahibəsində bir neçə dəfə vurğulayıb ki, hazırda əsas məsələ Ukraynanın Putinlə əldə etdiyi razılaşmaları qəbul etməsidir: “Ukrayna razılaşmalıdır, Prezident Zelenski də razılaşmalıdır. İndi bu sual ilk növbədə Prezident Zelenskiyə aiddir ki, bu (sülh razılaşması – red.) baş tutsun, həm də müəyyən dərəcədə Avropa xalqlarına aiddir... Bunun baş verməsi üçün yaxşı şans var”.
Tramp Ukrayna tərəfindən təsdiqində problem yarana biləcək şərtlərin adını çəkmək istəməsə də, teleaparıcı buna aydınlıq gətirməyə çalışıb. Jurnalist çıxardığı nəticələri bu cür ifadə edib: "Ərazilərin mübadiləsi aparılmalıdır, Rusiya ərazisi olduğundan daha çox olacaq və Ukrayna NATO ilə əlaqəli olmayan təhlükəsizlik zəmanətləri alacaq".
Qenniti gəldiyi bu nəticənin doğru olub-olmadığını Trampdan soruşub. Tramp müsbət cavab verib və bu nəticəni təsdiqləyib: "Bu, bizim danışıqlar apardığımız məsələlərdir və bu məsələlərlə bağlı, əslində, razılaşdıq... Biz razılaşmaya çox yaxınıq və Ukrayna bununla razılaşmalıdır. Baxmayaraq ki, onların "yox" deməsi mümkündür”.
Tramp razılaşmanın əldə olunması ehtimalını “50-nin 50-yə” kimi qiymətləndirib və Volodimir Zelenskiyə hansı siqnalı göndərəcəyini açıqlayıb: "Sövdələşmə ilə razılaşın. Razılaşma bağlamalısınız. Rusiya böyük gücdür, onlar (ukraynalılar - red.) yox. Baxmayaraq ki, onların çox yaxşı əsgərləri və bizim verdiyimiz yaxşı silahları var".
Tramp müsahibədə “ərazi mübadiləsi”nin həcmi və konturları ilə bağlı heç bir təfərrüat açıqlamayıb.
Xatırladaq ki, Zelenski daha əvvəl vurğulamışdı ki, ərazilər məsələsi Ukrayna konstitusiyasında göstərilib və Kiyev ərazi güzəştinə getməycək.
Press-fakt